Səhiyyə Nazirliyi Mingəçevir Tibb Kolleci
Mingəçevir Tibb Kolleci Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin əmri ilə 12 may 1991-ci ildə təsis edilmişdir. Əvvəlki adı Mingəçevir Tibb Məktəbi olmuş təhsil ocağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.06.2010-cu il tarixli, 112 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2010-cu il tarixli 47 saylı əmri ilə Mingəçevir Tibb Kolleci adlandılımışdır.
Mingəçevir Tibb Kolleci ilk dəfə “Tibb bacısının işi” ixtisası üzrə tələbə qəbuluna başlamışdır. Kollecdə 1993-cü ildən “Müalicə işi” ixtisası (2020-ci ilədək) ,1994-cü ildən “Laboratoriya diaqnostikası” ixtisası , 1995-ci ildən “Mamalıq işi” ixtisası, 1997-ci ildən “Ortopedik stomatologiya” ixtisası (2010-ci ilədək), 1999-cu ildən “Əczaçılıq” ixtisası üzrə kadr hazırlığı həyata keçirilir.
Mingəçevir Tibb kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd-subbakalavr diplomu vermək hüququnu təsdiq etmişdir.
Hazırda kollecdə 4 ixtisas üzrə orta ixtisaslı tibb işçisi hazırlanır və onların təkmilləşməsi prosesi həyata keçirilir: mama, tibb bacısı (tibb qardaşı), əczaçı, feldşer-laborant.
Mingəçevir Tibb Kollecində təhsil kredit sistemi ilə həyata keçirilir. Bu sistem tədris proqramlarının ölkə daxilində və ölkə xaricində akademik tanınmasına və tələbələrin təhsillərini davam etdirməsinə imkan verir.
Mingəçevir Tibb Kollecində aparılan islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını təmin etmək və yüksək keyfiyyətli orta ixtisaslı tibb kadrlarını yetişdirməkdir. Kollecin məzunları yalnız ölkəmizdə deyil, həmçinin bir çox xarici ölkələrin müxtəlif tibb sahələrində çalışırlar.
Mingəçevir Tibb Kollecində 65-dən artıq təcrübəli həkim-müəllim heyəti və texniki işçi çalışır.
Mingəçevir Tibb Kollecində Respublikanın 8 şəhər və rayonlarında (Mingəçevir, Naftalan, Ağdaş, Ağdam, Bərdə, Tərtər, Goranboy, Yevlax) çalışan orta tibb işçiləri üçün Təkmilləşmə kursları keçirilir.
Təkmilləşmə kursları aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:
- Tibb bacısının işi
- Laboratoriya diaqnostikası
- Mamalıq işi
- Ortopedik stomatologiya
- Əczaçılıq
- Sanitar feldşer